Dekabrın 24-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid övladları və qazilər üçün şənlik təşkil edilib.
Hafta.az xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova deyib ki, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bu gün 150-dən çox şəhid övladı üçün şənlik hazırlanıb. Tədbirin gözəl, xoş bir günə - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə təsadüf etdiyini bildirən Zümrüd Səmədova bu əlamətdar hadisə münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
“44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsində, ərazi bütovlüyümüzün, suverenliyimizin bərpa olunmasında məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun böyük rolu oldu. Torpaqlarımız şəhidlərimizin qanı, canı bahasına işğaldan azad edildi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”, - deyə o qeyd edib.